Müddəalər və şərtlər


Bu “Müddəalar və Şərtlər” Azərbaycan Turizm Bürosu publik hüquqi şəxsi (bundan sonra “Büro”) və  “Macəra yaxındadır!”  kampaniyasının (bundan sonra “Kampaniya”) iştirakçıları arasında bağlanmış məcburi hüquqi qüvvəyə malik Müqavilə hesab olunur.

Kampaniyanın veb-saytında qeyd olunan Anket formasını düzgün formada doldurmuş və bu “Müddəalar və Şərtlər”ə (bundan sonra “Müqavilə”) razılıq ifadə etmiş turoperatorlar, turagentlər, yerləşmə vasitələri (hotellər, qonaq evləri, hostellər və s.) Kampaniyanın Tərəfdaşı hesab olunur və Büro ilə bu Müqavilə üzrə münasibətlərə daxil olur.

Kampaniyanın Tərəfdaşları Azərbaycan Respublikası ərazisində göstərilən turizm xidmətləri və ya turizm zərfləri təklif etməlidirlər. 

Hüquqlar və vəzifələr

Büro bu Müqavilə üzrə aşağıdakı hüquq və vəzifələrə maikdir:

  1. Kampaniya çərçivəsində turizm zərflərinin (xidmətlərinin) hədəf auditoriyaya vaxtında, keyfiyyətli və lazımi qaydada təqdim olunmasını Tərəfdaşdan tələb etmək;
  2. təklif edilən turizm zərfləri (xidmətləri) barəsində ətraflı məlumat (zərfə daxil olan xidmətlər, zərfin qiyməti və tətbiq edilən endirimlər, zərflərin satışına dair ümumiləşdirilmiş statistik məlumatlar və s.) almaq;
  3. Kampaniyanın həyata keçirilmə müddətini müstəqil şəkildə müəyyən etmək, dəyişmək və ya kampaniyanı sonlandırmaq;
  4. Bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun gəlməyən təklifləri Kampaniyanın veb-saytından silmək;
  5. Kampaniyanı öz marketiq strategiyası çərçivəsində təbliğ etmək və təkliflərin veb-saytda dərc olunma ardıcıllığını sərbəst müəyyən etmək;
  6. Büro Tərəfdaş tərəfindən Kampaniya çərçivəsində təklif olunan turizm zərfinin (xidmətinin) təbliği ilə bağlı istifadə olunan materiallar üçün (məzmun, müəlliflik hüquqları, yazılış və format baxımından) heç bir məsuliyyət daşımır. Materialın məzmunu ilə bağlı yeganə məsul tərəf Tərəfdaşdır;
  7. Büro Tərəfdaş tərəfindən kampaniya çərçivəsində təklif edilən turizm zərflərinin (xidmətlərinin) xüsusiyyətləri və keyfiyyəti, həmçinin Tərəfdaşla müştəri arasındakı digər mülki məsələlərə görə məsuliyyət daşımır. Turizm zərfləri (xidmətləri) ilə bağlı yeganə məsul tərəf Tərəfdaşdır;
  8. Tərəfdaşı Kampaniya üçün yaradılmış rəsmi veb-saytda tərəfdaşların  siyahısına daxil etmək.
  9. İstənilən turizm zərfini (xidmətini) Tərəfdaşa məlumat vermədən veb-saytdan çıxarmaq.

Tərəfdaş bu Müqavilə üzrə aşağıdakı hüquq və vəzifələrə malikdir:

  1. Kampaniya çərçivəsində təqdim olunmuş zərflər (xidmətlər) üçün Bürodan marketinq dəstəyi almaq;
  2. Kampaniya çərçivəsində təqdim edilən turizm zərfləri (xidmətləri) barədə ətraflı məlumatı (zərfə daxil olan xidmətlər, zərfin qiyməti və tətbiq edilən endirimlər və s.) Büroya təqdim etmək;
  3. Kampaniya çərçivəsində təqdim edilən turizm zərflərinin (xidmətlərinin) satışına dair ümumiləşdirilmiş statistik məlumatları aylıq hesabat formasında Büroya təqdim etmək
  4. Təklif etdiyi turizm zərfinin (xidmətlərinin) müasir keyfiyyət standartlarına cavab verməsinə və turizm zərfinin (xidmətlərinin) tam və təklifdə nəzərdə tutulmuş qaydada göstərilməsinə zəmanət vermək;
  5. Kampaniya çərçivəsində rezervasiya, zərflərin (xidmətlərin) satın alınması və digər məsələlərlə bağlı müştərilərin sorğularına cavab vermək;
  6. Kampaniya çərçivəsində xidmətlərin göstərilməsi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxsi tərəfindən hazırlanmış “Turizm və otelçilik sektorunda koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər”ə əməl etmək.
  7. www.macerayaxindadir.az veb-saytında əks olunmasını istədikləri hər bir təklif üçün Kampaniyanın veb-saytında qeyd olunmuş Anketi tam və düzgün formada doldurmaq və Müqaviləyə razılığını ifadə etmək;

Təklif yalnız Tərəfdaşa Büro tərəfindən müvafiq təsdiq göndərildikdən sonra www.macerayaxindadir.az  veb-saytında əks olunacaq.

Təklifin Kampaniyaya daxil edilməsindən imtina olunduqda bu barədə müraciət edən şəxsə elektron bildiriş göndəriləcək.

Hər bir Tərəfdaş Kampaniya çərçivəsində birdən çox turizm zərfi (xidməti) təqdim edə bilər. Belə halda Tərəfdaş hər bir zərf (xidmət) üçün veb-saytda qeyd olunan Anket formasını ayrıca dolduraraq müraciət etməlidir.

2. Məsuliyyət

Tərəfdaş Büronu Kampaniya çərçivəsində təklif edilən turizm zərfləri (xidmətləri), həmçinin Tərəfdaşın turizm zərflərinin (xidmətlərinin) təbliği üçün istifadə etdiyi materiallar ilə bağlı hər hansı iddialardan, zərərdən, tələblərdən, cərimələrdən, xərclərdən müdafiə etməyi öhdəsinə götürür.

3. Əqli mülkiyyət hüquqları

3.1. Bu Müqavilənin yerinə yetirilməsi çərçivəsində Büroya və ya Tərəfdaşa məxsus intellektual fəaliyyətin bütün və istənilən nəticələrinə dair müstəsna hüquqlar müvafiq olaraq Büronun və Tərəfdaşın mülkiyyətində qalır. 

3.2. Tərəfdaş Kampaniya çərçivəsində təqdim etdiyi bütün materialların (loqolar; foto, video və audio-vizual fayllar; dizayn nümunələri və digər rəqəmsal fayllar) Tərəfdaşa məxsus olduğunu təsdiqləyir və Kampaniya çərçivəsində Büronun bu materiallardan istifadəsinə icazə verir.

4. Konfidensiallıq

Tərəflər bu Müqavilənin icrası çərçivəsində əldə edilmiş konfidensial məlumatları qorumağı və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, qarşı tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəfə açıqlamamağı öhdələrinə götürürlər. Konfidensiallıq haqqında yuxarıda qeyd olunmuş müddəaların pozulmasına görə Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

5. Ümumi müddəalar

5.1. Bu Müqavilə Tərəfdaşın Kampaniyanın veb-saytı üzərindən bu Müqaviləyə razılığını ifadə etdiyi andan qüvvəyə minir və Büro tərəfindən Kampaniyanın sonlandırıldığı elan edilənədək qüvvədə qalır.

5.2. Kampaniyanın müddəti 20.05.2020 - 31.12.2020 tarixlərini əhatə edir. Kampaniyanın müddəti Büro tərəfindən dəyişdirilə bilər.

5.3. Bu müqaviləyə xitam verilməsi Tərəfi bu Müqavilənin qüvvədə olduğu müddət ərzində onun müddəalarını pozmasına görə məsuliyyətdən azad etmir.

5.4. Bu Müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. 10 iş günü ərzində mübahisə və ya qeyri-müəyyənliklərin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadığı halda bu cür məsələlər Azərbaycan Respublikasının məhkəmələrində həll olunacaqdır.

5.5. Büro bu Müqavilədə istənilən vaxt dəyişiklik edə bilər, Müqavilədəki dəyişikliklər Kampaniyanın veb-saytında dərc edildiyi andan qüvvəyə minir.


Qeydiyyat



Məlumat


“SAHMAN” proqramı karantin dövründən sonra səyahət edəcək turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması, eləcə də yerli və xarici turistlərin sayında artıma nail olunması məqsədilə turizm və qonaqpərvərlik sənayesi üçün standartlar toplusunu ehtiva edir. Bu proqrama qoşulmaqla turizm müəssisələri və bələdçilər sanitariya və gigiyena normaları ilə bağlı təlimlərdən keçərək təklif etdikləri xidmətlər zamanı turistlərin sağlamlığının qorunması üçün müvafiq şərtlərə əməl edəcəklərinə dair öhdəlik götürürlər. Proqrama qoşulmaq üçün sahman.az saytında qeydiyyatdan keçmək lazımdır.

Təklifin yerləşdirilməsi ilə əlaqədar hər hansı çətinlik yarandıqda, video-təlimatlarımızı izləyə bilərsiniz: hotel təklifləri üçün təlimattur təklifləri üçün təlimat.

Təklif yerləşdirilməsi

Təklifinizi yerləşdirmək üçün aşağıdakı xanaları doldurun:

 - 
 - 
Bütün fotoları sil